Noyabrın 22-də Azərbaycan Mətbuat Şurasında Naxçıvan Muxtar Respublikasında (NMR) nəşr olunan “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, 1921-ci ildə ilk sayı çapdan çıxmış “Şərq qapısı” yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın ən uzunömürlü kütləvi informasiya vasitələrindəndir. Mətbuat orqanı ölkəmizin ədəbi-bədii mühitinin, ictimai rəyinin formalaşmasında, milli şüurun və təfəkkürün aşılanmasında müstəsna tarixi xidmətləri ilə seçilib.

Əflatun Amaşov “Şərq qapısı”nın Azərbaycan xalqının milli istiqlal hərəkatına töhfəsindən də söz açıb. O, diqqəti nəşrin 1990-1993-cü illərdəki fəaliyyətinə yönəldərək vurğulayıb ki, həmin zaman kəsiyində qəzet ümummilli lider Heydər Əliyevin muxtar respublikada gördüyü işləri işıqlandırıb, məhrumiyyətlərə baxmayaraq cəsarət nümayiş etdirib.

Əflatun Amaşov “Şərq qapısı” qəzetinin MŞ-nin xüsusi diplomu ilə təltif edildiyini bildirərək diplomu NMR-in Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova təqdim edib.

Bəxtiyar Əsgərov çıxışında “Şərq qapısı” qəzetini Naxçıvanın 100 illik tarixinin yazılı salnaməsi kimi dəyərləndirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Şərq qapısı” qəzetinin bir məktəb olduğunu deyib. Vurğulayıb ki, bu məktəb özündə yalnız jurnalistikamızın ənənələrini birləşdirmir, onun yüzillik tarixi nəşri ədəbiyyat, publisistika, elm məktəbi kimi də təqdim etmək üçün geniş məzmunlu əsaslar yaradır.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, şuranın İdarə heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas və başqaları 100 yaşlı qəzetin keçdiyi yola nəzər salıb, təbriklərini çatdırıblar.