Beynəlxalq Nizami Gəncəvi Festivalı çərçivəsində elmi konfrans

 

Mədəniyyət Nazirliyinin 15–26 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirdiyi Beynəlxalq Nizami Gəncəvi Festivalı dahi şairin zəngin irsinə həsr olunan elmi tədqiqatların təqdimatı ilə də yadda qaldı.

Noyabrın 22-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans keçirilib. Tədbir AMEA Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda qonaq qismində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, həmçinin Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli iştirak ediblər.

Öncə qonaqlar Əlyazmalar İnstitutunda mühafizə olunan Nizami Gəncəvi əsərlərinin əlyazmalarından, Nizaminin əsərlərinə çəkilmiş miniatürlərdən və “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-da nəşr olunan kitablardan ibarət sərgilərlə tanış olublar.

Düsen Kaseinov AMEA-nın müvafiq qurumlarının “Nizami ili”nə töhfəsi olan sərgiləri yüksək qiymətləndirib. Baş katib böyük Azərbaycan şairinin 880 illik yubileyi münasibətilə TÜRKSOY-un təsis etdiyi “Nizami Gəncəvi” xatirə medalını AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim edib.

Sonra institutda Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin açılış mərasimi olub. Yeni yaradılan şöbənin dahi şairin həyat və yaradıcılığının öyrənilməsi və təbliğinə töhfə verəcəyi vurğulanıb. “Nizami Gəncəvi əlyazmalarının Bakı nüsxəsi” kitabının təqdimatı da keçirilib. Qonaqlara AMEA-nın institut və təşkilatlarının Nizami Gəncəvi ilə bağlı nəşrləri hədiyyə edilib.

Konfransın açılışında giriş sözü söyləyən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli ölkə başçısının sərəncamı ilə elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində akademiyada silsilə tədbirlərin keçirildiyini vurğulayıb. “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda  elmi konfransın bu silsilədən olduğunu deyən akademik AMEA tərəfindən 40-a yaxın nəşrin hazırlandığını, ilin sonunda daha bir kataloqun işıq üzü görəcəyini nəzərə çatdırıb.

Akademik İsa Həbibbəyli  bu yaxınlarda nəşr olunan “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı haqqında məlumat verərək bildirib ki, kitabda materiallar on dildə təqdim olunur. Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində isə ixtisarladır. Nizami Gəncəvinin həyatı, lirikası, poemaları, Azərbaycan renessansı məsələsi, dahi şairin yaradıcılığında azərbaycançılıq kimi mövzular kitabda öz əksini tapıb.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin  müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı “Nizami Gəncəvi haqqında söz” adlı məruzə ilə çıxış edib. Məruzəçi şairin “Xəmsə”sinin dünyanın tanınmış elmi mərkəzlərinin, kitabxanalarının bəzəyi olduğunu, rəssamlıq və xəttatlıq sənətlərinin inkişafında əhəmiyyətli rol oynadığını ifadə edib.

Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Nizami Gəncəvi irsi Əlyazmalar İnstitutunun xəzinəsində” mövzusunda məruzə ilə çıxış edib. Alim Nizami irsinin toplanması, nəşrə hazırlanması, tədqiqi və təbliği istiqamətində rəhbərlik etdiyi elmi müəssisədə görülən işləri nəzərə çatdırıb.

Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı məruzəsində muzey tərəfindən hazırlanan “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabı haqqında danışıb. Bildirib ki, nəşrdə muzeyin fondunda mühafizə olunan və Ərtoğrol Cavidin dahi Nizami irsinə böyük məhəbbətini ifadə edən materiallar toplanıb. Materiallar Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi musiqi əsərlərinin not yazılarını, onun topladığı və görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun repertuarında istifadə edilmiş Nizami yaradıcılığı nümunələrini əhatə edir.

Konfransda həmçinin Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənzadənin  “Nizami Gəncəvi irsi Orta əsr miniatürlərində” mövzusunda məruzəsi dinlənilib.