Noyabrın 23-ü Üzeyir Hacıbəylinin anım günüdür. Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, musiqişünas-alim, pedaqoq, Azərbaycan Dövlət Konservatoriyasının yaradıcısı və rektoru (1928-1929, 1939-1948), SSRİ Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Dövlət mükafatları laureatı (1941, 1946), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin (15.9.1885 – 23.11.1948) vəfatından 73 il ötür.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...

73 il öncə bu gün Üzeyir bəyin dostu Səməd Vurğun “Eşq olsun sənətkara!” şeirində öz qəlb sarsıntısını bu misralarla dilə gətirmişdi.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazar, publisist, ictimai xadim kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətlər göstərib. Bəstəkar 23 yaşında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması  əsasında ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası ilə ümumilikdə dünya musiqisində yeni bir janrın – muğam-operanın əsasını qoyub. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy “Şeyx Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş bir çox şəhərlərin səhnələrində dəfələrlə göstərilib.

Azərbaycanda və  müsəlman Şərqində ilk operettanın yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bəstəkarın ilk musiqili komediyası – üç pərdədən ibarət “Ər və arvad” 1910-cu ildə tamaşaya qoyulub. Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. Operetta əsasında 1945 və 1965-ci illərdə çəkilən “Arşın mal alan” filmləri milli kinomuzun “qızıl fond”una daxildir.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Həm Azərbaycan Xalq Cümhuriyyətinin və bugünkü  müstəqil Azərbaycanın, həm də sovet Azərbaycanının himnlərinin musiqisini dahi sənətkar yazıb.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Üzeyir Hacıbəyli milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilklərin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşa, düşmən tapdağından azad edilib. Artıq Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, vətən torpağının hər qarışında muğam sədaları eşidilməkdədir.

73 il əvvəl Səməd Vurğunun yazdığı kimi:

O sabah da bizimlə addımlayır yanaşı,
“Koroğlu”dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı,
Şöhrət tapdı adınla bizim ana yurdumuz.