Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər  nəticəsində, ölkəmizin ərazi bütövlüyü təmin edilməklə yanaşı, xalqımızın əsrlər boyu yaratdığı və otuz ilə yaxın işğal altında qalan mədəni irs nümunələri də azadlığa qovuşdu.

Noyabrın 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsində Zəfərin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçiriləcək.

Paytaxtdakı “Daş salnamə” Muzeyində təşkil olunacaq konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən Qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarət olacaq.

Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil ediləcək.

Beynəlxalq konfransda yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.