Vətən müharibəsinin fəal iştirakçısı Ramazan Natiq oğlu Dadaşov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Salyan regional idarəsinin Astara rayonu üzrə baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçüyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ramazan Dadaşov 2020-ci ilin Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, ilin əvvəlindən 26 nəfər müharibə iştirakçısı və ya onların ailə üzvü Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrə işə qəbul edilib.