Ağdama həyat yenidən qayıdır

 

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Noyabrın 20-də azadlığına qovuşmasının ildönümü tamam olan xarabalıqlar içindəki şəhər indi böyük bərpa və quruculuq meydanıdır.

Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, sənaye parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyulması ilə başlanan quruculuq işləri şəhərin yeni baş planına əsasən aparılır.

Baş plan üzrə Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Şəhərdə həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün işlər görülür. Hər kvartalda altımərtəbəli 6 yaşayış binasının tikilməsi nəzərdə tutulur.

Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Şəhərin yaşıllaşdırılması xüsusi diqqətdə saxlanılacaq, salınacaq meşə sahələri və parklar hesabına ümumilikdə şəhərin ərazisinin 20 faizi yaşıllıqla təmin olunacaq.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş barbarlıq həyata keçiriblər. Tarix, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Hazırda İmarət kompleksi və Qiyaslı məscidinin restavrasiyası ilə bağlı layihələndirmə işləri aparılır. Plana əsasən, Pənahəli xanın imarəti, karvansara, hamam, türbələr, tribuna bərpa ediləcək, atlar üçün cıdır yaradılacaq.

Ağdam şəhər Cümə məscidinin restavrasiyası üçün hazırlıq işlərinə başlanılıb. İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələrimiz bölgəni həm də turizm baxımından tanıdacaq.

İnfrastruktur layihələrinin icrasına da başlanılıb. Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km-dir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmiryolu infrastrukturu layihələri də həyata keçirilir. Belə layihələrdən biri də 45 km-lik Bərdə-Ağdam dəmiryolu xəttinin yenidən qurulmasıdır. Dəmiryolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir.

Həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Ölkə başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən artıq hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilib.