Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy noyabrın 24-də Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, türkiyəli nazir Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimində iştirak edəcək.

Forum dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində keçirilir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 24–26 noyabr tarixlərində gerçəkləşəcək Foruma 15 ölkədən nümayəndələr qatılacaq.

Türkiyəli nazir noyabrın 24-də Bakıdakı Daş Salnamə Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfransın açılışında da iştirak edəcək, muzeylə tanış olacaq.

Mehparə SULTANOVA
Ankara