Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimat keçiriləcək. Təqdimatın məqsədi Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsidir.

Prezident İlham Əliyev bu sözləri noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edərkən deyib.

Dövlət başçısı işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını diqqətə çatdıraraq, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirib. Vurğulayıb ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

Ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmnunluğunu ifadə edən İlham Əliyev bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirib.

İqtisadi əməkdaşlığa toxunan dövlət başçısı Koreya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, böyük sənaye infrastrukturu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd edib və Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payı olduğunu vurğulayıb.

Çong Soo Park xoş sözlərə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Koreyanın yeni şimal siyasəti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqe cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çong Soo Park Koreyanın qitə və okeanları birləşdirən strateji yerdə, Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzində yerləşdiyini və Xəzər dənizi ətrafında nəqliyyat mərkəzi olduğunu bildirib.

Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olunub, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunulub. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.