Noyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə  Azərbaycan və TÜRKSOY arasında faydalı əməkdaşlıq və təşkilatın türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər üzrə ümumi fikir mübadiləsi aparılıb.

Düsen Kaseinov Azərbaycanda “Nizami ili”nin elan olunması ilə əlaqədar təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbirlərin gələn ilin mart ayınadək davam edəcəyini söyləyib.

Baş katib TÜRKSOY tərəfindən nəşr edilmiş, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitabı və təşkilatın “Nizami” xatirə medalını nazir Ceyhun Bayramova təqdim edib.