“Nizamini oxuyaq” kitab-albomu və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı


Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi Beynəlxalq Nizami Gəncəvi Festivalı davam edir. Noyabrın 15-də başlanan festivalın tədbirləri Bakıda və dahi şairin doğma şəhərində – Gəncədə keçirilir.

Noyabrın 22-də festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində (BMM) TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” (“Reading Nizami Ganjavi”) və Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının təqdimatı oldu.

Qonaqlar əvvəlcə BMM-in foyesində “Nizami əlyazmaları dünya kitabxanalarında” adlı sərgi ilə tanış oldular.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Prezidentinin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışdı. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edən nazir dedi: “Nizami Gəncəvi fenomen olaraq təkcə Azərbaycan üçün yox, bütün Türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Şairin yaşadığı dövrdən əsrlər sonra Türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar. Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirləri XVIII əsrin Avropa filosofları tərəfindən də təbliğ olunub. Bu da Nizaminin böyüklüyünün, necə hərtərəfli bir şəxsiyyət olduğunun göstəricisidir. Onun əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır”.

“Nizami ili” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdən söz açan nazir əlamətdar ilin yekunu olaraq Nizami Gəncəvi Beynəlxalq Festivalının təşkil edildiyini bildirdi: “Noyabrın 15-dən ölkəmizdə böyük bir Nizami bayramı, coşqusu yaşanır. Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, sərgilər keçirilir. Sevindirici haldır ki, Nizami irsinin təbliğində TÜRKSOY təşkilatı da bizimlə birgə fəal iş görür. Cənab Düsen Kaseinovun rəhbərliyi ilə təşkilat Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyinin qeyd edilməsi və təbliğində yaxından iştirak edir”.

Azərbaycan Milli Kitabxanasının “Nizami ili” çərçivəsində reallaşdırdığı layihələrdən də söz açan nazir bu günlərdə Prezident İlham Əliyev tərəfindən kitabxananın direktoru, professor Kərim Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzaladığını bildirdi. Anar Kərimov həm dövlət təltifi, həm də 70 illik yubileyi münasibətilə Kərim Tahirova təbriklərini çatdırdı.

Nazir daha sonra “Nizamini oxuyaq” kitab-albomunun və dahi şairə həsr olunmuş biblioqrafiya toplusunun ərsəyə gəlməsi və nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirdi.

***

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov əlamətdar il çərçivəsində Türkiyədə bir sıra tədbirlərin, konfransların, musiqili proqramların təşkil edildiyini söylədi. O, “Nizami Gəncəvi İli” çərçivəsində ilk beynəlxalq tədbirin Ankarada məhz TÜRKSOY-da təşkil edilməsindən qürur duyduqlarını dilə gətirdi. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində Türk dünyası sənətçilərinin birgə iştirakı ilə Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının da uğurla keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, “Nizamini oxuyaq” kitab-albomunda Türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər də yer alır.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli təqdimatı keçirilən nəşrlərin “Nizami ili”nə gözəl bir töhfə olduğunu dedi. Qeyd etdi ki, dünyada tanınan, şöhrət qazanan Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu dahi söz ustadını daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac var: “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr”, “Nizami Gəncəvi və Azərbaycan renessansı” və s. kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi dönəmdə daha çox aktuallıq kəsb edir. Prezident İlham Əliyevin “Nizami ili” ilə əlaqədar imzaladığı sərəncam vaxtilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi N.Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır”.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli yeni epoxada Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğuladı. Bildirdi ki, şairin yaradıcılığı öz dövründə olduğu kimi, üzərindən səkkiz əsrdən çox müddət keçsə də, şüurlara təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayıb və bu şərəfli missiyanı hazırda da uğurla davam etdirir.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin onun əməyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə danışaraq təqdimatı keçirilən yeni nəşrlər haqqında fikirlərini bölüşdü. Vurğuladı ki, “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi 78-ci buraxılışdır.

Çıxışlardan sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası ilə bağlı təqdimat etdi. Vurğulandı ki, elektron variantları təqdim olunan əlyazmalar sırasında ən unikal nümunələr İngiltərə kitabxanalarından əldə edilib. 316 vərəq və 17 miniatürdən ibarət əlyazmanın nümunəsi Milli Kitabxana üçün çap olunub. Bu əlyazma I Şah Təhmasibin sifarişi ilə hazırlanıb. Əlyazmalar sırasında Türkiyə, İran, Berlin kitabxanalarının nümunələri də yer alır.

***

Tədbirdə həmçinin TÜRKSOY-un “Nizami Gəncəvi İli” münasibətilə təsis etdiyi “Nizami” xatirə medalının da təqdimatı oldu. Baş katib Düsen Kaseinov “Nizami Gəncəvi İli”nə səmərəli fəaliyyət və töhfələrinə görə mədəniyyət naziri Anar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimliyə medalları təqdim etdi.

Mərasim Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət konsert proqramı ilə davam etdi. Proqramda Əməkdar artist İlham Nəzərov və Prezident təqaüdçüsü, 44 günlük Vətən müharibəsinin iştirakçısı Atəş Qarayevın ifaları təqdim olundu. Konsertə ilk dəfə olaraq respublika və beynəlxalq müsabiqələr laureatı, Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin Nizaminin “Ayüzlü nigarım” qəzəlinə bəstələdiyi romans da səsləndi.

LALƏ