Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Lüdviq Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcək. Tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Kristina Kretova (Kitri) və İqor Svirko (Bazil) iştirak edəcəklər.

Uzun illərdən bəri teatrın repertuarında olan “Don Kixot” tamaşaçıların ən çox sevdiyi klassik baletlərdəndir. Şən musiqi, mürəkkəb xoreoqrafiya, sevgi üzərində qurulmuş süjet xətti tamaşaya bayram əhval-ruhiyyəsi verir. Parlaq, coşqun, ehtiraslı və gözəl ispan rəqsləri, çoxsaylı balet tryukları və dünyada çox məşhur olan balet elementi – fuete tamaşanı daha baxımlı edir.

Teatr rəhbərliyi K.Kretova və İ.Svirkonu heç də təsadüfən bu tamaşaya dəvət etməyib. Hazırda bu cütlük dünyada çox tanınmış balet ulduzlarıdır. Onlar dünyanın bir çox ölkələrində (Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya, Böyük  Britaniya, Yaponiya, Meksika, Çin və s.) qastrol səfərlərində uğurla çıxış ediblər.

Rusiyalı balet ulduzları ilə yanaşı, tamaşada Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Cəmilə Kərimova, Elmira Süleymanova, solistlər Ayan Eyvazova, Teymur Oduşev və b. iştirak edəcəklər.

Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqənin laureatı Orxan Həşimov idarə edəcək.