Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya işgüzar səfər edib. Səfərin məqsədi Polşa ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu ölkədə yaşayan türk kökənli milli azlıqların – tatar və karaimlərin maddi-mədəni irsinin qorunmasında Fondun iştirak imkanlarını müzakirə etməkdir.

Günay Əfəndiyeva Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və Türkiyənin bu ölkədəki səfiri Cengiz Kamil Fırat ilə görüşüb.

Varşava Universitetinin Azərbaycan dili fənni üzrə təhsil alan tələbələri və Türkologiya fakültəsinin müəllimləri ilə də görüşən Günay Əfəndiyeva Fondun Türk dünyasının mədəni dəyərlərinin təbliği, qorunması yönündə fəaliyyəti haqqında söz açıb. Fond ilə Varşava Universiteti arasında gələcəkdə birgə tədbir və layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.