Noyabrın 27-də Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Katibliyində Azərbaycan saz-söz sənətinin qüdrətli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim keçiriləcək.

Tədbir TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət komitəsinin birgə təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq.

Yubiley tədbiri çərçivəsində “Aşıq Ələsgərin seçmə şeirləri” kitabının təqdimatı olacaq, “Doğumunun 200-cü ildönümündə Aşıq Ələsgər” mövzusunda panel keçiriləcək, Azərbaycan və Türkiyə aşıqlarının ifasında ustadın şeirləri səslənəcək. “Aşıq Ələsgərin seçmə şeirləri” kitabında toplanan nümunələri tanınmış şair Kənan Çarboğa Türkiyə türkcəsinə çevirib.

Mehparə SULTANOVA
Ankara