Qarabağ Dirçəliş Fondu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə törətdiyi hərbi cinayətlər nəticəsində həlak olan mülki əhalinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Karabakh Memorial” adlı internet-resursu (karabakhmemorial.com) hazırlayıb.

Noyabrın 25-də elektron resursun təqdimatı olub. Tədbirdə Qarabağ Dirçəliş Fondunun icraçı direktoru Rəhman Hacıyev, həmçinin erməni terroru nəticəsində həlak olan azyaşlıların ailə üzvləri iştirak ediblər.

Məlumat verilib ki, “Karabakh Memorial” internet resursu Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu “Karabakh Center” layihəsi çərçivəsində yaradılıb. 44 günlük müharibə zamanı beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın ordusu tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyan layihədə “Azyaşlı qurbanlar”, “Təcavüzün mülki qurbanları”, “Erməni hücumlarının hədəfləri” bölmələri və terror nəticəsində həlak olan 12 azyaşlının hekayəsi üç dildə yer alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, əslində, bütün dünya erməni təcavüzü və cinayətlərinin şahididir. Ombudsman Səbinə Əliyeva müharibə nəticəsində uşaqların pozulmuş hüquqlarından bəhs edib.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni təcavüzü ilə bağlı Azərbaycan tərəfindən Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddialar barədə danışıb.

Sonra “Karabakh Memorial” internet resursunun təqdimat videosu nümayiş olunub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla ümumilikdə 93 mülki şəxs həlak olub.