Xəbər verildiyi kimi, Türkiyənin Bursa şəhərinin TÜRKSOY tərəfindən 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Bir vaxtlar Osmanlı İmperatorluğunun paytaxtı olmuş, qədim və zəngin tarixə malik şəhərdə “paytaxt” ilinə hazırlıqlar başlayıb. Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş ötən həftə (18 noyabr) media üçün məlumatlandırma toplantısında bir sıra məqamlara aydınlıq gətirmişdi.

Bursanın “Türk Dünyası Mədəniyyət Paytaxtı” statusunu qazandığına görə həyəcanlı olduqlarını deyən Alinur Aktaşın sözlərinə görə,  hələ 2018-ci ildən bəri bu istiqamətdə çalışırlar.

“Paytaxt” ili  2022-ci ilin yanvarında Bursada TÜRKSOY Daimi Şurasının növbədənkənar iclası ilə başlayacaq. Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrlik edəcəyi iclasa təşkilata üzv ölkələrin mədəniyyət sahəsi üzrə rəhbər şəxsləri qatılacaq.

Mart ayında Bursada Türk dünyasının böyük bayramı – Novruz şənlikləri və “Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimi keçiriləcək. “Nəzərdə tutulan tədbirləri daha yaxşı keçirmək və koordinasiyanı təmin etmək üçün komanda şəklində çalışırıq. 2022-ci ilə daxil olmadan “Türk Dünyası Mədəniyyət Paytaxtı”nın fəaliyyətlərinə artıq başlamışıq”, – deyə bələdiyyə başqanı bildirib.

Bələdiyyə başqanı “Bursa – 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərdən də bəhs edib. Buraya 4-cü Dünya Köçəri Oyunları, 2-ci “Dədə Qorqud” Türk Dünyası Film Festivalı, 5-ci Türk Dünyası Əcdadlar İdman Festivalı, 3-cü Bursa Kitab Sərgisi, digər festival və törənlər, eləcə də TÜRKSOY-un ənənəvi layihə və proqramları daxildir: “Bir sözlə, elmdən ədəbiyyata, incəsənətdən qastronomiyaya, simpoziumlardan konsertlərə, sərgilərə qədər mədəniyyətin bütün sahələrini əhatə edən fəaliyyətlərimiz olacaq”.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Bursanın 2022-ci ildə “Türk Dünyası Mədəniyyət Paytaxtı” adını layiqincə daşıyacağına əminliyini bildirib. Baş katib “Türk Dünyası Mədəniyyət Paytaxtı” layihəsi ilə bağlı təşkilatın planlarına da toxunub: “2012-ci ildən etibarən bu layihə ilə əldə etdiyimiz təcrübə sayəsində “Avropa Mədəniyyət Paytaxtı” şəhərlərini “Türk Dünyasının Mədəniyyət Paytaxtları” ilə bir araya gətirməyə başlamışıq. 2022-ci il boyu Bursaya güclü dəstək verəcəyik. Gələn il Bursanı Avropanın “mədəniyyət paytaxt”ları olan Litvanın Kaunas və Serbiyanın Novi Sad şəhərlərində tanıdılmasına və bu sahədə əlaqələrimizin gücləndirilməsinə çalışacağıq”.

Mehparə SULTANOVA
Ankara