Mədəniyyət naziri Anar Kərimov noyabrın 25-də Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqos ilə görüşüb.

Səfiri salamlayan Anar Kərimov ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların olduğunu diqqətə çatdırıb. Bu sahədə konkret layihələrə əsaslanan işbirliyinin inkişaf etdirilməsi, kinematoqrafiya, arxeologiya, eləcə də ölkəmizin işğaldan azad edilmiş ərazilərdə mədəni abidələrin bərpası kimi istiqamətlərdə, həmçinin qurumlararası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Nikolaos Piperiqos qəbula görə təşəkkür edərək, ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə müəyyən edilən istiqamətlər üzrə fəaliyyət planlarının tərtib edilməsi, hər iki ölkədə müvafiq sahələrdə qurumlar arasında birbaşa əməkdaşlığın təşviq edilməsi və həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini bölüşüb.