Beynəlxalq forumun 4-cü paneli də maraqlı məruzələrlə yadda qaldı


Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 24-də işə başlayan “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu son iş günü – 26 noyabrda 4-cü panel iclasla davam etdi.

“Xəmsə” dialoqlarının didaktik rolu” mövzusuna həsr olunan panel AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovun moderatorluğu ilə gerçəkləşdi.

İtaliyanın Piemonte Universitetinin professoru Stefania Sini “Nizaminin real sözü” adlı məruzəsində qeyd etdi ki, “İskəndərnamə” poemasında şair İskəndərlə Daranın müqayisəsində birincinin ağıl və məntiqini əşyalarla təsvir edərək hökmdarların düşüncələrini obyektlərin simvolik gücü ilə göstərir.

Özbəkistandan professor Bakijon Tukiyev “Əlişir Nəvainin “Xəmsə”sində Nizaminin tərifi” məruzəsində bildirdi ki, N.Gəncəvi “Xəmsə”sinə cavab olaraq Ə.Nəvainin cəmi 3 ildə (1483-1485) ana dilində “Xəmsə” yaratması onun bədii sənətinin zirvəsi hesab olunur. Alim qeyd etdi ki, XIV-XV əsrlərdə Nizami əsərlərinin özbək dilinə tərcüməsi sahəsində müəyyən təcrübə əldə edilib. XIV əsrin sonlarında Qütbün “Xosrov və Şirin”, XV əsrin əvvəllərində Xarəzminin isə “Sirlər xəzinəsi” poemalarını özbək dilinə tərcümə etməsi Azərbaycan-özbək ədəbi əlaqələrini genişləndirməklə yanaşı, regionda Nizamiyə olan sevgi və məhəbbəti xeyli artırıb. Öz növbəsində Əlişir Nəvai də “Xəmsə” yazana qədər sarayda özünün birbaşa nəzarəti altında iki dəfə Nizami “Xəmsə”si əlyazmalarının üzünü köçürtdürüb və 1481-ci ildə üzü köçürülən 45 miniatürlü, bəzəkli əlyazmanı özünün şəxsi kitabxanasının eksponatına çevirib.

“Əlişir Nəvainin Nizami Gəncəvi “Xəmsə”sinə münasibəti” adlı məruzə ilə çıxış edən Daşkənd Dövlət Universitetinin müəllimi İlyas İsmayılov Nəvainin əksər əsərlərində Nizami haqqında dəyərli fikirlər söylədiyini dedi. Bildirdi ki, Ə.Nəvai “Xəmsə”ni tamamladıqdan 14 il sonra yazdığı “Mühakəmətül-lüğəteyn” (1499) əsərində Nizami yaradıcılığının ona olan təsirini belə açıqlayır: “Xəmsə” pəncəsinə pəncə vurmuşam. Əvvəlcə “Möminlərin heyrəti” bağında təbim güllər açıbdır ki, ona “Sirlər xəzinəsi”indən Şeyx Nizaminin ruhu başıma dürlər saçıbdır”. Lakin Ə.Nəvai Nizaminin yaratdığı söz meydanına girməyin və Nizami ədəbi yolu ilə getməyin çətin olduğunu və cəsarət tələb etdiyini xüsusi vurğulayır, “Xəmsə” yazmağın böyük məsuliyyət olduğunu nəzərə çatdırır.

Sonra panel iclas diskussiyalarla davam etdi.

Lalə AZƏRİ