Noyabrın 26-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktrisası, Xalq artisti Nəcibə Məlikovanın (1921-1992) anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə axşamı keçirilib.

Tədbirdə muzeyin əməkdaşları, Dövlət Rəsm Qalereyasının nümayəndələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və sənətsevərlər iştirak ediblər.

Xalq artisti Rafiq Əzimov və aktrisanın yaxın qohumu Rauf Məlikov çıxış edərək unudulmaz sənətkarın səhnə fəaliyyətindən və onunla bağlı xatirələrini danışıblar.

Sonra aktrisanın həyat və yaradıcılığını əks etdirən, muzeyin fond materiallarından ibarət videoçarx, oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Nəcibə Məlikova “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?” filmində Nərgiz xala və başqa obrazları ilə tamaşaçıların qəlbində silinməz iz qoyub. Xalq artisti Azərbaycan səhnəsində də yaddaqalan rollar canlandırıb, teatrsevərlərin rəğbətini qazanıb.