Gənc bəstəkar Hakim Məmmədlinin “Gözüm aydın” adlı romansı Azərbaycan Bəstəkarlar İttifaqında, Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Gənc bəstəkarların kamera-vokal əsərlərindən ibarət “Nizami və musiqi” adlı konsert proqramında səslənib. Romansı konsertmeyster Rəhimə Qubanovanın pianoda müşayiəti ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd Uşaq musiqi məktəbinin direktoru İlkin Abdullayev (tenor) ifa edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə konsertdən öncə çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib. Qeyd edib ki, əlamətdar il ərzində bu mövzu ilə bağlı konsert salonunda dəfələrlə müxtəlif səpkidə tədbirlər keçirilib. İttifaqın rəhbəri həmçinin gənc bəstəkarların Nizami dühasından qidalanaraq yeni əsərlər yazdıqlarını diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova çıxış edərək Nizami Gəncəvi yaradıcılığının bəşəriyyət üçün xəzinə olduğunu, Azərbaycan xalqının böyük dühalar yetişdirdiyini bildirib. Alim dünyanın soydaşlarımız yaşadığı hər bir guşəsində Nizami poeziyasına sevgi olduğunu deyib.

Çıxışlardan sonra gənc musiqiçilərə verilib. Mətnli musiqili əsərlər ardıcıllığında 7-ci sırada duran Hakim Məmmədli “Gözüm aydın” adlı tenor və piano üçün ərsəyə gətirdiyi romansını təqdim edib. Gənc bəstəkar dahi Nizaminin məşhur qəzəlinin mövzusuna uyğun melodik qurumlar yaradıb, onları düzgün sintez edərək notlara köçürüb. İfaçı İlkin Abdullayev isə gözəl lirik tenor səsi ilə oxu qanunlarına riayət edərək əsəri dinləyicilərə çatdırıb.

Bəstəkar Hakim Məmmədli özünün ömür sirdaşı – tarın pərdələrindən süzülüb ətrafa nur ələyən muğamların daxili quruluşunun nəzəri cəhətlərini gözəl bilir. Buna görə də digər janrlarda yazdığı əsərlərlə yanaşı, hazırda geniş tamaşaçı kütləsinə ərməğan etdiyi “Gözüm aydın” romansında da “Bayatı-Şiraz” muğam səs düzümü fonunda “Müxalif” pərdəsinə kulminasiya hissəsində müraciət edərək əsərin verilmiş qəzəlin ruhuna uyğun izdihamlı səslənməyə nail olub.

Məlum olduğu kimi, ezoterik dini-fəlsəfi cərəyan olan təsəvvüf elminə uyğun sufi şairlər sırasında duran Nizami Gəncəvi öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olub. Böyük şair həmçinin musiqi elmi sahəsində də geniş biliklərə malik idi. Bu baxımdan onun qəzəlləri düşündürən, duyğulu və musiqilidir.

Hər bir bəstəkar əsərinin dinləyici kütləsi tərəfindən rəğbətlə qarşılanması və sevilməsi, yaddaşlarda iz qoyması üçün xanəndə-vokal ifaçının rolu böyükdür. Çünki hər bir mətnli əsər onun ilk müğənni ifaçısının səs tembri əsasında təqdim edilərək yaddaşlara həkk olunur. Bu baxımdan tenor səsli İlkin Abdullayev romansın söz mətninin düzgün ifası ilə tamaşaçıların diqqətini çəkib.

Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Təhminə Bədəlova konsertin sonunda Hakim Məmmədlinin romansında söz mətninin musiqidə düzgün tələffüzü haqqında öz müsbət qeydlərini edib.

Gənc bəstəkara yeni yaradıcılıq uğurları diləyirik.

Kəmaləxanım ƏSƏDULLAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bəstəkarlar İttifaqının üzvü