25–28 noyabr tarixində Yunanıstanın Mədəniyyət Fondunun təşkilatçılığı ilə Saloniki şəhərində 18-ci Beynəlxalq kitab sərgisi (Thessaloniki İnternational Book Fair 2021) keçirilir.

Sərgidə Yunanıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər də ölkələri ilə bağlı stendlər təqdim edirlər. Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın Yunanıstandakı Səfirliyi tərəfindən dahi şairə həsr edilmiş stend qurulub. Stend dahi Nizami Gəncəvinin şəkili “Xəmsə”sində yer alan miniatürlər əsasında xüsusi olaraq dizayn edilib. Guşədə dahi şairin ingilis dilində nəşr olunmuş əsərlərinə, eləcə də “Xəmsə”sindəki miniatürlərindən ibarət kitablara xüsusi yer ayrılıb. Tədbir iştirakçıları tərəfindən Nizaminin müxtəlif əsərlərinə çəkilmiş miniatürlərə böyük maraq göstərilib.

Qeyd edək ki, Saloniki Beynəlxalq Kitab Sərgisi ötən il pandemiya səbəbindən onlayn formatda keçirilmişdi. Layihənin məqsədi ziyarətçiləri həm Yunanıstanın, həm də dünyanın müxtəlif ölkələrin xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək,  nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsinə imkan yaratmaqdır.

Builki sərginin fəxri qonağı almandilli ədəbiyyatdır. Tədbirə Almaniya Xarici İşlər Nazirliyi ilə yanaşı, Yunanıstandakı Höte (Goethe) İnstitutu, Litrix.de və Frankfurt Beynəlxalq Kitab Yarmarkası tərəfindən də dəstək göstərilib. Sərginin “Yeni yazıçılar festivalı”, “Tərcümə festivalı”, tematik sərgilər və nümayişləri əhatə edən zəngin proqramı var.