Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində gürcü rəssam, sənətşünas Nino Kipşidzenin “Varlığın fraqmentləri” adlı sərgisi açılacaq. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş etdiriləcək. Təqdim olunan əsərlərdə müxtəlif rəngli və fakturalı parça fraqmentlərinin yaratdığı təkrarolunmaz səth vizual olaraq ikiölçülü müstəvini “yarıb keçərək” tamaşaçıya tamamilə yeni, ecazkar, çoxölçülü bir dünyanı açır.

Nino Kipşidzenin əsərləri rəngkarlıq və tekstilin incə, valehedici keçidində yer alır. Rəssam əsasən mənzərə və natürmort janrında işləyir. Onun əsrarəngiz mənzərələri lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırladır. Rəssamın yaradıcılığında ləçək-ləçək yığılmış əlvan gül dəstəli natürmortlar çoxdur. Bununla yanaşı, o, fiqurlu kompozisiyalar da yaradır. Sənətkar öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır.

Sərginin kuratoru Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridzedir.

Sərgi 22 yanvar 2022-ci il tarixinədək davam edəcək.