Ankarada Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş tədbir və türk dilində işıq üzü görən “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyədəki səfirliyimiz, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Aşıqlar Birliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilib.

TÜRKSOY-un qərargahında keçirilən tədbirdə təşkilatın Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyədəki səfirliyimizin birinci katibi Elxan Zeynalov və Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova və qardaş ölkədən elm və saz-söz adamları iştirak ediblər.

Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində TÜRKSOY-un həyata keçirdiyi layihələrdən bəhs edən Baş katib Düsen Kaseinov bildirib ki, rəhbərlik etdiyi təşkilat hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinin və onların yaradıcılığının təbliğinə diqqətlə yanaşıb. Aşıq Ələsgər həm görkəmli el sənətkarı, həm də qəlbləri oxşayan şeirlər müəllifi olub. Onun yaradıcılıq nümunələrinin müxtəlif dillərə tərcüməsi və nəşri olduqca vacib bir məsələdir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun rəşadətli Qarabağ Qələbəsindən bəhs edərək vurğulayıb ki, xalqımız işğal altındakı ərazilərini düşməndən geri almaqla həm də böyük bir mədəniyyətlə mədəniyyətsizliyə qarşı tarixi zəfər qazanıb.

Türkiyədəki səfirliyimizin birinci katibi Elxan Zeynalov vurğulayıb ki, Aşıq Ələsgər həm yüksək insani keyfiyyətləri, həm də nadir yaradıcılığı ilə hər zaman sevilib və böyük məhəbbətlə xatırlanıb.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova görkəmli şəxsiyyətlərin tanıdılması, təbliği və əsərlərinin nəşri ilə bağlı Azərbaycanda görülən işlər, həyata keçirilən strateji mədəniyyət layihələri, o cümlədən mühüm nəşrlər barədə geniş məlumat verib. O, Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması ilə əlaqədar Prezident İlham Əliyevin sərəncam imzaladığını bildirib, il ərzində yubileylə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini deyib.

Sonra Aşıq Ələsgərin doğma yurdundan bəhs edən “Ulu Göyçə” sənədli filmi nümayiş olunub.

Daha sonra “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, böyük sənətkarın nəticəsi Xətai Ələsgərli, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası – aşıq yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Musa Nəbioğlu, araşdırmaçı-yazar Songül Dündar, “Dünya söz akademiyası” dərnəyinin sədri, professor Hayrettin İvgin və tanınmış ədəbiyyatşünas və tərcüməçi Kenan Çarboğanın ustad Aşıq Ələsgər yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə çıxışları dinlənilib.

Qeyd olunub ki, Dədə Ələsgər kimi xalq arasında sayılıb-seçilən sənətkar “haqq aşığı” adını qazanıb və xalq tərəfindən sevilib. O, ustadlarının əməyini dərindən mənimsəməklə bərabər, onların adını həmişə uca tutub. Dədə Ələsgər yaradıcılığının bütün istiqamətlərinin dərindən öyrənilməsi, ustad el sənətkarının yaradıcılıq sirlərinin, onun təcrübə və irsinin müasir sənətçilər tərəfindən mənimsənilməsi bütün Türk dünyası üçün əhəmiyyətlidir.

Çıxışlarda Aşıq Ələsgərin şeirlərinin türk dilinə uyğunlaşdırılmasını ustadın  yaradıcılığının təbliğində mühüm rol oynayacağı vurğulanıb. Şeirləri türkcəyə Kenan Çarboğa uyğunlaşdırıb.

Tədbir çərçivəsində görkəmli saz və söz ustadının yaradıcılığına həsr olunan musiqili bədii proqram təqdim olunub. Azərbaycanlı aşıq Ramin Qarayev və türkiyəli el sənətkarı Selahettin Dündarın ifaları tədbirə rəng qatıb.

Mehparə SULTANOVA
Ankara