Noyabrın 28-dən dekabrın 7-dək Özbəkistanın paytaxtı Daşkənddə “MDB, Baltikyanı ölkələr və Gürcüstanın IV Gənclər Teatr Forumu” keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizi təmsil edəcək sənət adamlarının sırasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı Vüsal Rəhim də var.

Rəssam festival müddətində müxtəlif proqramlarda, sərgilərdə iştirak edəcək, müəllifi olduğu səhnə və geyim eskizlərini təqdim edəcək. Həmçinn forum çərçivəsində mühazirələrə, ustad dərslərinə qatılacaq və komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübəsini müxtəlif ölkələrdən olan həmkarları ilə bölüşəcək.

V.Rəhim forum iştirakçıları olan rəssamlarla birgə təklif olunan tamaşalara eskizlər də hazırlayacaq. Daha sonra həmin eskizlər Vladimir Pankovun “Daşkənd – Çörək şəhəri” hekayəsi əsasında hazırlanacaq tamaşada fraqmentlər şəklində birləşdiriləcək.

Gənc rəssam səfər öncəsi ona beynəlxalq əhəmiyyətli tədbirdə iştirakına şərait yaradan hər kəsə təşəkkürünü bildirib.