Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 20-26 noyabr tarixində keçirilən 27-ci “Listopad” Minsk Beynəlxalq Film Festivalının  (Belarus) sənədli filmlər üzrə müsabiqə bölməsində “Janra sədaqət” mükafatına layiq görülüb.

“Sonuncu” filmi həmçinin 23–28 noyabr tarixində Polşanın Lodz şəhərində keçirilən 31-ci Media Festivalı – “Man in Danger”də polyak sənədli kinosunun klassiki Kazimierz Karabasz adına “Patient Eye” (“Səbirli göz”) mükafatını qazanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.

Film Xəzər dənizindəki (Bakıdan 150 km cənubda) Kürdili yarımadasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə dənizdə suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır…

Premyerası bu il 50-ci Rotterdam Beynəlxalq Film Festivalında olan “Sonuncu” filmi Bosniya-Herseqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (“Qızıl ağcaqayın”), Polşada keçirilən “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (“Bürünc qəsr”) mükafatlarına layiq görülüb.

 Ekran əsəri Polşanın Torun şəhərində keçirilən 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində də iştirak edib.

Qeyd edək ki, filmin rejissoru Fariz Əhmədov hazırda “Azərbaycanfilm” Kinostudiyasının direktorudur.

Linklər:

27-ci “Listapad” – Minsk Beynəlxalq Film Festivalı (Minsk, Belarus) http://listapad.org/news/4029/

31-ci Media Festivalı “Man in Danger” (Lodz, Polşa) https://www.facebook.com/146013755438541/posts/4813540208685849/

Filmin treyleri: https://youtu.be/FN2WkhZwvkY

Filmin “Facebook” səhifəsi: https://www.facebook.com/thelastonefilm2021/

Filmin “İnstagram” səhifəsi: https://www.instagram.com/thelastonefilm2021