Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində konfrans
Noyabrın 29-da Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində “Müxtəlif dinlərin maddi-mənəvi irsi (Qarabağ kontekstində) və dinlərdə musiqi” adlı konfrans keçirilib.
Tədbirdə Azərbaycanda mövcud olan multikultural dəyərlər, konfessiyalararası münasibət, ölkəmizdə qədim tarixə malik tolerantlıq, qarşılıqlı hörmət və anlaşma məsələləri müzakirə olunub.
MEMİM-in direktoru Səadət Xələfbəyli qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın məqsədi konfessiyalararası əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek deyib ki, dünyada əgər hər şey yerində olsa, qəlbimiz açılar: “İnsan arzuladığı bir yerə çatmaq istəyəndə Allah ona səbir və lazım olan xüsusiyyətləri bəxş edir. Musiqini ifa etmək gözəldir, amma onu ifa edərkən Allahı axtarmaq fərqli bir məsələdir. Belə insanlar məni hər zaman heyran edib”.
Konfransın aktual məsələyə həsr olunduğunu söyləyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli bildirib ki, Azərbaycan tarixində heç zaman dini zəmində münaqişə baş verməyib. Hətta Azərbaycanda müxtəlif xalqların dini icma nümayəndələri Qarabağ müharibəsi zamanı xristian dünyasına müraciət ünvanlayaraq bildiriblər ki, Qarabağ tarixən Azərbaycan ərazisidir. Bu sənət tarix olaraq qalacaq. Ş.Həsənli qeyd edib ki, ruha sirayət edə bilən, insanda mərhəmət hissi aşılayan musiqiyə hər zaman ehtiyac var.
Katolik kilsəsinin apostol prefekturası məlumat şöbəsinin katibi Toral Ağayev vurğulayıb ki, hər bir yaradıcı insan öz qabiliyyətini Allahdan alır. İnsan şüuruna təsir edən ən böyük qüvvə incəsənətdir. Musiqi xristianlıq dinində xüsusi önəm kəsb edir.
Mənəvi Dəyərlərin Təbliği Fondu icraçı direktorunun müavini Hətəm Gülməmmədov bildirib ki, Azərbaycan dünyada tolerantlığın yaşandığı nadir ölkələrdən biridir. Ölkəmizdə tarixən müsəlman, yəhudi, xristian və digər dini icmalar dostluq və əmin-amanlıq şəraitində yaşayıb. Ramazan ayında Çotari kilsəsində xristian dini icma nümayəndələrinin müsəlmanlar üçün iftar süfrəsi açması bir ənənəyə çevrilib. Tolerantlıq dünyada hüquqi məsələ olduğundan qanunla nizamlanır və bu qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Ancaq Azərbaycanda bu məsələ mənəvi məsələdir. Azərbaycanda tolerantlığın nümunələrindən biri də Bakının mərkəzində qorunan erməni kilsəsidir.
Konfransda Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İnformasiya şöbəsinin müdiri Yadigar Məmmədli, İslam Universiteti İctimai elmlər kafedrasının müdiri Elvin Talışinski, müstəqil araşdırmaçı-jurnalist, səyyah Ağa Mehdiyevin çıxışları da dinlənilib.
Tədbirin bədii hissəsində dini musiqilər səsləndirilib.