Azərbaycana səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti ilə tanış olub.

AMEA-dan bildirilib ki, nümayəndə heyətinə Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, şairin ev-muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda,  Dendroloji parkın ərazisində açılıb. Şair 1924-cü ildə Bakıda olarkən bu evdə yaşayıb. Mərdəkan dendrarisi 1895-1920-ci illərdə Bakı milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub.

Ev-muzeyi AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə 2008-ci ildə Sergey Yeseninin adını daşıyan Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrilib.

Mərkəz ilə tanışlıq zamanı qonaqlara Sergey Yeseninin Bakıya olan sevgisindən bəhs edilib, bu sevginin şairin yaradıcılığında öz əksini tapdığı vurğulanıb. Mərkəzin Azərbaycan və Rusiya arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sonra nümayəndə heyəti AMEA-nın Dendrologiya İnstitutunda görülən işlərlə tanış olub.