Polşanın paytaxtı Varşavada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşadakı səfirliyimizin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə yerli ictimaiyyətin, diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınski çıxış ediblər. Qüdrətli söz ustadının əsərlərində ülvi hissləri, humanizm, xeyirxahlıq, ədalət kimi dəyərləri tərənnüm etdiyi, Azərbaycan və dünya ədəbiyyatını misilsiz töhfələrlə zənginləşdirdiyi nəzərə çatdırılıb.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Polşadakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Nizami haqqında polyak dilində nəşr olunan “Kağıza incitək sözlər düzən şahlar şahıyam” kitabı və poçt markaları təqdim olunub. Kitabın təqdimatını Polşa Yazıçılar Birliyinin sədri Anna Naşilovska, poçt markalarının təqdimatını “Poczta Polska” Səhmdar Cəmiyyətinin Beynəlxalq əməkdaşlıq və ticarət şöbəsinin rəhbəri Kşiştof Gurski ediblər.

“Kağıza incitək sözlər düzən şahlar şahıyam” kitabında yer alan rəsmlərdən ibarət sərginin də nümayiş olunduğu tədbir konsert proqramı ilə yekunlaşıb. Konsertdə Vyanada yaşayan pianoçu, bəstəkar, dirijor Abuzər Manafzadə, vokalçı Karen Danqer-Manafzadə və başqaları çıxış ediblər.