Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

“2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!” – deyə başsağlığında qeyd olunur.

***

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, hərbi helikopterin Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub: polkovnik Cavadov Fizuli Əli İbram oğlu; polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu; mayor Həsənov Elmir Mircəlil oğlu; mayor Əhmədov Elbrus Səmrəddin oğlu; mayor Mayılov Emil Şahid oğlu; mayor Məmmədov Murad Yaşar oğlu; mayor Əliyev Emil Elman oğlu; tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; kapitan Bayramlı Cavid Əhliman oğlu; kapitan Əliyev Xəyyam Əlixan oğlu; kapitan Qaraisayev Teymur Ənvər oğlu; leytenant Süleymanov Abdulla Telman oğlu; baş leytenant Nağıyev Fərid Təyyar oğlu; işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı 2 nəfər – polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.