“Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək”


Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.

“İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır”, – deyə İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etdiyini bildirib.

Bu ilin martında İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn formatda keçirilən XIV Zirvə toplantısında həmkarlarına Zəngəzur dəhlizi haqqında məlumat verdiyini xatırladan Prezident İlham Əliyev deyib: “Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Prezident çıxışında Azərbaycanda son 18 ildə iqtisadi inkişaf, əldə olunan əsas nailiyyətlər, eləcə də son iki ildə COVİD-19 ilə mübarizə və pandemiyanın iqtisadi proseslərə təsiri barədə də danışıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İƏT-in fəal üzvüdür: “İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Prezident bu ilin martında İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsinin imzalandığını qeyd edərək bildirib ki, Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək.

Azərbaycan Prezidenti İƏT-ə cari il sədrliyi həyata keçirən Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu uğurlu sədrlik münasibətilə təbrik edib, həmçinin təşkilatda növbəti müddətə sədrliyi üzərinə götürməsi münasibətilə Özbəkistana uğurlar arzu edib.

Qeyd edək ki, İƏT regional iqtisadi əməkdaşlıq formatı kimi hələ 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. 1992-ci ildə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var. Aşqabad sammitində Əfqanıstandan savayı bütün üzv dövlətlər təmsil olunub.

“Birlikdə gələcəyə” devizi ilə keçirilən sammitin əsas tematikası ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq, həmçinin koronavirusla mübarizədə səylərin birləşdirilməsi olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, ölkəsinin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Türkiyə Prezidenti regional avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin önəmini də vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən danışaraq deyib: “Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır”.

Zirvə toplantısında çıxış edən Pakistan Prezidenti Arif Alvi də Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdırıb: “Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident İlham Əliyevi bir daha təbrik etmək istərdim”.

İran Prezidenti İbrahim Rəisi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstanın Baş naziri Askar Mamin təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, yeni çağırışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin zərurətindən danışıblar.