29–30 noyabr tarixlərində Brüsseldə, Belçika Milli Kitabxanasında CENL – Avropa Milli Kitabxanaları Konfransının illik iclası keçirilib.

İclasda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib. Ötən il pandemiya səbəbindən onlayn şəkildə təşkil olunan iclas bu il ənənəvi qaydada gerçəkləşib.

46 ölkədən ümumilikdə 49 milli kitabxananın üzv olduğu CENL-in əsas vəzifəsi vahid informasiya məkanında kitabxanaların birgə və əlaqəli fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. Azərbaycan Milli Kitabxanası 2005-ci ildən bu beynəlxalq təşkilatın üzvüdür.

Budəfəki iclasda 2020-ci ildə pandemiya səbəbindən onlayn formatda keçirilən 34-cü CENL illik iclasının yekun sənədləri müzakirə olunub və CENL-in illik hesabatı təqdim edilib. Daha sonra CENL-in 2020 və 2021-ci illərə dair maliyyə hesabatları məruzə edilib.

Həmçinin iclasda “Növbəti 4 il üçün CENL və milli kitabxanalar üçün strateji prioritetlər” mövzusunda interaktiv sessiya keçirilib və növbəti il üçün ev sahibi olacaq kitabxananın təqdimatı olub.

2022-ci ildə CENL-in illik iclasına Türkiyə Milli Kitabxanası ev sahibliyi edəcək.