Dekabrın 1-də Laçın rayonunun erməni işğalından azad edilməsinin birinci ildönümü tamam oldu. Bu münasibətlə Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Yusif Mirzənin “Can, Laçın” adlı fərdi sərgisi keçirildi.

Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şair-publisist Əkbər Qoşalı çıxış edərək rəssam Yusif Mirzə haqqında məlumat verdi. Bildirdi ki, Laçın rayonunun Sadınlar kəndində dünyaya göz açan sənətkar Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Qrafika fakültəsində təhsil alıb. O, yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğuldur. Sərgidə rəssamın qrafika və rəngkarlıq işlərindən “İlin fəsilləri”, “Nostalji”, “Müharibə siluetləri”, “Kəndimizdə axşam”, “Dağlarda bahar”, “Qəsəbə”, “Payız”, “Qaragöl” – ümumilikdə 70-ə yaxın əsəri nümayiş olunur.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən, cəsur Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışdı. Bildirdi ki, işğaldan sonra mənfur ermənilər Qarabağda daşı-daş üstə qoymayıblar, hətta qəbiristanlıqlar belə dağıdılıb. Vətən müharibəsində düşmən öz layiqli cəzasını aldı.

Qənirə Paşayeva sərgi və Laçının qurtuluşunun ildönümü münasibətilə rəssamı təbrik etdi, yaradıcılıq uğurları arzuladı.

Mədəniyyət Nazirliyi Muzeylər və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı Ermənistanın işğalı zamanı tarixi yurd yerlərimizdə bütün infrastrukturun, eləcə də maddi mədəniyyət nümunələrinin dağıdıldığını bildirdi: “İnanırıq ki, dağıdılan şəhər və kəndlərimiz əvvəlkindən də gözəl tikiləcək. Vətənpərvər rəssam və heykəltəraşlarımız tərəfindən Qarabağda yeni-yeni sənət əsərləri yaradılacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri general Nuri Öztürk, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva rəssamı sərgi münasibətilə təbrik etdilər.

Yusif Mirzə çıxış edərək sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi. Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

Muzey Mərkəzində “Can, Laçın” sərgisi dekabrın 15-dək davam edəcək.

Savalan FƏRƏCOV