Mədəniyyət naziri Anar Kərimov dekabrın 1-də Avropa Şurasının (AŞ) Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes ilə görüşüb.

Səfiri salamlayan nazir Azərbaycanla Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

AŞ ilə ölkəmiz arasında əlaqələrin əhəmiyyətini qeyd edən Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü əsasında 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində uğurlu əməkdaşlığı vurğulayıb.

Ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası haqqında söz açan Anar Kərimov bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Nazir qlobal layihədə Avropa Şurasını da tərəfdaş təşkilat kimi görmək istədiyini deyib.