Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı və rəssamı Çarli Makizin “Oğlan, köstəbək, tülkü və at” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib.

Nəşr Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Kitab Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə çap olunub.

Təqdimat mərasimində Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.

Mərkəzin direktoru Günel Rzayeva kitabın ərsəyə gəlməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edərək bildirib ki, nəşr xeyirxahlıqdan, sevgidən, dostluqdan – hamımızı birləşdirən və əlaqələndirən dəyərlərdən bəhs edir: “Kitabın ilk baxışdan uşaqlar üçün yazıldığı görünsə də, əslində nəşr uşaqlar üçün deyil, hamımız üçündür”.

Sonra kitabın müəllifi Çarli Makizin tədbir iştirakçılarına videomüraciəti dinlənilib. Yazıçı müraciətində kitabın Azərbaycan dilinə tərcümə edilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Mərasimdə Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin "Çiçəyim” uşaq teatr studiyasının balaca aktyorları kitab əsasında səhnəciklər göstəriblər.

Qeyd edək ki, Ç.Makizinin “Oğlan, köstəbək, tülkü və at” kitabı bu günə qədər İngiltərədə bestseller olaraq qalır. Kitab balaca oğlan və onun üç dostu – köstəbək, tülkü və atdan bəhs edir. Hekayə boyu oğlan dostlarına müxtəlif suallar verir və onlardan həmin suallara çox məntiqli, sadə və dərin cavablar alır. Dörd dost arasında olan münasibətlər oxuculara inam, dostluq, xeyirxahlıq, cəsarət, sevgi, dürüstlük, mehribanlıq, mərhəmət kimi hissləri aşılayır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdakı bütün rəsmlər yazıçının özü tərəfindən çəkilib.