Nizami Gəncəvi mövzulu daha bir müsabiqə yekunlaşıb
Mədəniyyət Nazirliyinin “Muzey eksponatının hekayəsini sən danış” layihəsi üzrə növbəti müsabiqə “Nizami ili” çərçivəsində reallaşıb. Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində müsabiqə qaliblərinin təltif olunma mərasimi keçirildi.
Qeyd edək ki, “Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi” mövzusunda hekayə müsabiqəsi Mədəniyyət Nazirliyinin bu layihə üzrə elan etdiyi ikinci yarışmadır. İlk müsabiqə 2020-ci ildə keçirilmişdi.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Nizami Gəncəvi “Xəmsə”ni yaratmaqla Şərq intibahının banisi olub. Onun ənənələri Şərqin dahi şairləri tərəfindən davam etdirilib. Nizami yaradıcılığı Qərb ədəbiyyatına da təsir edib. XIX əsrdə rus tədqiqatçıları Nizami irsini dərindən araşdırmağa başlayıblar.
Nazir müavini Nizami Gəncəvinin bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik etdiyini, yüzillikləri keçib gələn bəşəri ideyaları ilə yolumuza işıq saçdığını dedi. Vurğuladı ki, dövlət başçısı tərəfindən elan edilən “Nizami Gəncəvi İli” bir sıra əlamətdar tədbirlərlə yadda qalıb. VII Bakı Beynəlxalq Kitab Sərgisi əlamətdar ilə həsr olundu. Sankt-Peterburqda, Ermitaj Muzeyində və Rusiya Milli Kitabxanasında dahi Azərbaycan şairinin yubileyinə həsr olunmuş tədbirlər keçirildi. Bakıda “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum da əlamətdar ilin diqqətəlayiq tədbirlərindən oldu. Bu tədbirlərə olan böyük maraq göstərir ki, əsrlər keçsə də, Nizami irsi öz aktuallığını qoruyub saxlayır.
Müsabiqə haqqında məlumat verən Sevda Məmmədəliyeva bildirdi ki, əsas məqsəd insanlara yüksək mənəvi keyfiyyətlər aşılayan və maarifləndirici xüsusiyyətləri özündə əks etdirən Nizami Gəncəvi yaradıcılığının, o cümlədən “Xəmsə” motivli nadir eksponatların təbliğidir. Eyni zamanda layihə cəmiyyətdə muzeylərə marağın artırılması, yaradıcılıq fəaliyyətinin təşviqi və istedadlı müəlliflərin aşkara çıxarılması məqsədi daşıyır.
Nazir müavini qalibləri təbrik etdi və müsabiqənin bütün iştirakçılarına təşəkkürünü bildirdi.
Sonra qaliblərin adları elan olundu. Bildirildi ki, müsabiqəyə 50-dən çox iştirakçı öz əsərlərini təqdim edib. Onların arasından üç nəfər qalib seçilib. I yerə Nərgiz Həşimova (“Şəhid ilə Xarıbülbülün məhəbbəti”), II yerə Aişə Səfərova (“Bəhram şah yeddi gözəlin portretinə baxır”), III yerə isə Ömər Məmmədzadə (“Nakam sevginin xatirəsi”) layiq görülüb.
Qalib müəlliflərə diplom və hədiyyələr təqdim edildi.
L.AZƏRİ