Əlilliyi olan istedadlı insanların cəmiyyətə inteqrasiyası, onların bilik və bacarıqlarını realizə etməsinə şərait yaratmaq dövlətimizin sosial siyasətinin vacib istiqamətlərindən biridir. Təsadüfi deyil ki, bu həssas qrupa aid insanlara maraq və bacarıqları istiqamətində fəaliyyət  imkanı yaratmaq üçün həyata keçirilən layihələr, bu sahədə dünya təcrübəsindən öyrənməklə tətbiq olunan yeniliklər artıq öz bəhrəsini verməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu yaxınlarda istifadəyə verilən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də belə layihələrdən biridir.

3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyinə verilən bu mərkəzə baş çəkib, yaradılan şəraitlə yaxından tanış olduq. Bələdçimiz isə mərkəzin direktoru, illərdir bu istiqamətdəki layihələrdə tanıdığımız Pərvinə İsmayılova oldu.

O, bizimlə söhbətinə mərkəz və onun fəaliyyət istiqamətlərinə nəzər salmaqla başladı: “Mərkəz Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb. Mərkəzin təşkilində əsas məqsəd əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, sosial cəhətdən həssas olan qrupların istedad və bacarıqlarının üzə çıxarılması ilə, incəsənətin və tətbiqi sənət bütün növlərində bacarıqlarını üzə çıxarıb, onların təkmilləşdirən vahid mərkəzə çevrilməkdir”.

Maddi-texniki cəhətdən tam təmin olunmuş fəaliyyət otaqları, zal və emalatxanaları barədə geniş məlumat verən həmsöhbətim onların hər birinin əlillərin maraq və bacarıqlarının monitorinqinə əsasən qurulduğunu da diqqətə çatdırdı: “Məkan yaradılmadan bir çox araşdırmalar apardıq. Adətən dünyada bu tipli layihələr ya qeyri hökumət təşkilatları nəzdində, ya da iri şirkətlərin maliyyə dəstəyi ilə yaradılır. Çox vaxt dövlət bu işlərə getmir. Bu bir az dar profilli sahə olduğundan və dövlət yalnız əlilliyi olan şəxslərin sosial təminatına əsas diqqəti ayırdığı üçün bu iş kənar təşkilatların üzərinə düşür. Elə götürək qonşumuz Rusiyanı. Orada bu tip mərkəzlərin maliyyələşməsi ya fondlar, ya da iri şirkətlər tərəfindən aparılır. Bizdəki unikallıq bu işin arxasında dövlətin durmasındadır. Araşdırmamıza görə regiondakı bu tip mərkəzlərin heç birində geniş profilli sənət sahələri bu qədər növdə bir yerdə cəmləşdirilməyib. Mövcud olanlar daha çox dar profil üzrədir. Yenə qonşu ölkələrlə müqayisə aparsaq, daha çox rəqs və musiqi sahələrinin inkişaf etdirildiyini görərik. Bizim fərqimiz isə bütün yaradıcılıq istiqamətlərini bir mərkəzdə, ayrı-ayrı studiyalar altında cəmləşdirməyimizdir”.

Fəaliyyət istiqamətlərinin hər birinə ayrı-ayrılıqda nəzər salarkən maraqlı sahələri də müşahidə etdik. Məsələn, burada əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə 5 yaşdan yuxarı 5 nəfərlik qrup üçün təlim, həmçinin kulinariya yarmarkalarının keçirilməsi, kulinariya verilişlərinin çəkilməsi nəzərdə tutulur ki, bu, özlüyündə əlilliyi olan şəxslərin bu istiqamətdəki iaşə obyektlərində rahatlıqla fəaliyyətinə zəmin yaratmış olacaq.

Audio-səsyazma studiyası da diqqəti cəlb edir. Burada istedadı və musiqi həvəsi olan əlillər öz potensiallarına uyğun olaraq cəlb olunacaq və müəyyən mənada təkmilləşdiriləcəklər. Studiya işini bununla da məhdudlaşdırmayacaq. Burada audio-disklərin və solo albomların yazılması, video-çarxların, sənədli və bədii filmlərin, teletamaşaların dublyaj edilməsi də nəzərdə tutulur. Onu da qeyd edək ki, studiyada yaş məhdudiyyəti yoxdur.

Mərkəzin fərqli dizaynı ilə seçilən otaqlarından biri də floristika, bağçılıq və landşaft dizaynı studiyası idi. Burada dekorativ-tətbiqi sənət və dizayn növü olan floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən ibarət natürmortların hazırlanması, gül kompozisiyalarının yığılması, terrarium və bitki rezervuarlarının dizaynı və quraşdırılması kimi işlərin nəzərdə tutulub. Studiyada gün ərzində eyni vaxtda 8 nəfərə (təlimlərdə yaşı 10-dan yuxarı olan şəxslər iştirak edə bilərlər) təlim keçirilməsi də mümkündür.

Metal və ağac oyma studiyasında isə dekorativ-tətbiqi sənətin növü olan ağac, metal, daş üzərində bədii oyma sənəti tədris ediləcək. Studiyada artıq ağac üzərində oyma üsulu ilə hazırlanmış musiqi alətləri, milli mədəniyyət abidələri, heykəl və fiqurlu kompozisiyalar təqdim olunur. Bu studiyada eyni vaxtda 10 yaşdan yuxarı 8 nəfərə, gün ərzində 2 qrupa təlimin keçirilməsi mümkündür.

Əlilliyi olan yaradıcı şəxslərin ən çox maraq göstərdiyi xalçaçılıq, tikiş, toxuma və tikmə sənətləri ilə bağlı studiyadan da danışan P.İsmayılova burada Azərbaycanın yeddi məktəbi üzrə bu sənətin əsaslarının tədris ediləcəyini də dedi: “İlmə-naxış texnikası, rəng ahənginin seçilməsi, yun iplərin boyanması, bədii tikmə növünün ən qədim və geniş yayılmış pilətikmə forması, qızılı saplarla, muncuqla milli və müasir geyimlərin işlənməsi, dizaynı öyrədiləcək. Studiyada eyni vaxtda 12 yaşdan yuxarı 6 nəfərə təlimin keçirilməsi mümkündür. Gün ərzində hər sahə üzrə bir qrup təlim prosesində iştirak edəcək. Biz bununla çalışacağıq ki, bu istiqamətdə çalışan üzvlərimiz həm püxtələşsinlər, həm də öz işlərinə azad nümayiş məkanı qazansızlar”.

“Gördüyünüz musiqi studiyasında isə Azərbaycan milli musiqi sənətinin, çalğı, vokal tədrisi nəzərdə tutulur, – deyə həmsöhbətim fikrinə davam edir. – Studiyada çalğı, vokal qabiliyyəti, musiqi biliyi olan 6 yaşdan yuxarı 20-25 nəfər eyni vaxtda təlimlərə qatılacaq. Gələcəkdə əlilliyi olan musiqiçilərdən ibarət instrumental və vokal ansamblın yaradılması da nəzərdə tutulur. Biz bu istiqamətdə kifayət qədər təcrübəyə də malikik. Nazirlik olaraq müxtəlif musiqi layihələrini həyata keçiririk və bu sahədə tərəfdaşlarımız var. Ümumən maraq və istəyin çoxluğunu nəzərə alaraq festival, konsert, müsabiqələrin də təşkili üzərində düşünürük. Çünki əlilliyi olan istedadlı səhnə, sənət bacarığı olan şəxslərin geniş tamaşaçı auditoriyası tərəfindən tanınması və sevilməsi onların haqqıdır”.

Mərkəzin gözoxşayan tərtibatı ilə seçilən keramika studiyasında dulusçuluq sənət növü üzrə bacarıqlar, o cümlədən keramik əşya, dekorativ məmulatların hazırlanması və rənglənməsi, farfor qablar və dekorativ məmulatların milli naxışlarla bəzədilməsi, dekorativ heykəltəraşlıq öyrədiləcək.

Əlilliyi olan yaradıcı şəxslərin maraq göstərdiyi incəsənətin rəssamlıq qolu da unudulmayıb. Bu studiyada rəsm sənətinin müxtəlif istiqamətləri üzrə 6 yaşdan yuxarı eyni vaxtda 8 nəfərə, gün ərzində 2 qrupa təlim keçiriləcək.

Mərkəzin rəqs studiyasında fiziki məhdudiyyətli və peşəkar insanların birgə rəqs təliminin keçirilməsi və gələcəkdə peşəkar inklüziv rəqs kollektivinin yaradılması nəzərdə tutulur. Yerli və xarici xoreoqraflarla təlimlər və ustad dərsləri də planlaşdırılır. Zalda eyni vaxtda 30 nəfərə rəqs dərslərinin keçirilməsi mümkündür.

Mərkəzdə kitabxana da yaradılıb. “Kitabxanada görmə məhdudiyyətli şəxslərin bədii yaradıcılığının inkişafı üçün Brayl əlifbası ilə kitablardan ibarət guşələrin yaradılması, əlilliyi olan şəxslərin kitablarının təqdimatının, məşhur yazıçıların iştirakı ilə qiraət günlərinin, yerli və xarici yazarların imza günlərinin keçirilməsini də nəzərdə tutmuşuq” –  deyə Pərvinə İsmayılova bildirir.

Mərkəzin tamaşa salonu da var. Burada müxtəlif konsert proqramlarının, tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Səhnədə eyni vaxtda 25-30 nəfər tərkibdə teatr tamaşalarının və konsertlərin keçirilməsi mümkündür.

Pərvinə xanım nazirlik olaraq son illər əlilliyi olan şəxslərlə bağlı həyata keçirdikləri  mədəniyyət layihələrindən də danışdı və mərkəzdə bu yöndə təşəbbüslərin də diqqətdə saxlanılacağını dedi: “Biz iki mövsüm telekanallardan biri ilə “Bərəbərik” adlı musiqi layihəmizi uğurla həyata keçirdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə baş tutan layihə istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edirdi. Bu layihənin üçüncü mövsümünə gələn ildən start verəcəyik.

Həmçinin Mədəniyyət Nazirliyi, müxtəlif teatrlarla da əməkdaşlıq çərçivəsində yaddaqalan işlərə imza atmışıq. ƏSA inklüziv teatrı ilə bir sıra tamaşalar ərsəyə gətirmişik. Bundan başqa, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, onun nəzdindəki studiyalarla yaradıcılıq işlərimiz olub. Hazırda müstəqil “OYUN” teatrı ilə əməkdaşlıq çərçivəsində Qarabağ müharibəsinə həsr olunmuş tammetrajlı bədii film çəkilir. Həmçinin istedadlı əlil uşaqlardan ibarət “Küllücə” teatr-studiyasında, eləcə də “OYUN” teatrında bir neçə tamaşanın ərsəyə gəlməsinə dəstək vermişik”.

Geniş ərazini əhatə edən mərkəzin həyəti də əsl yaradıcılıq məkanıdır desək, yanılmarıq. Bura reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgilərin, satış-sərgi yarmarkalarının təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin, həmçinin pavilyon kimi istifadə edilərək inklüziv televiziya verilişlərinin çəkilməsi üçün əlverişli məkandır.

Bir sözlə, əlillərin istənilən yaradıcılıq təşəbbüslərinə açıq olan bu məkan həm onlara yeni yaradıcılıq axtarışları üçün meydan, həm də cəmiyyət fərdi kimi öz bacarıqlarını nümayiş etdirərək maddi və mənəvi təminat üçün əlverişli bələdçidir. Təki əlilliyi olan şəxslər və onların yaxınları onların potensialını görsünlər və istiqaməti düzgün təyin etsinlər.

Həmidə RÜSTƏMOVA