Dekabrın 6-dan 10-dək F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival keçiriləcək.
Kitabxanadan bildirilib ki, festival çərçivəsində “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü (6 dekabr – Xətai Sənət Mərkəzi), “Şairlər ustadı böyük Nizami” adlı şeir günü (7 dekabr – Gəncliyə Yardım Fondu), “Nizami və musiqi dünyası” adlı musiqi günü (8 dekabr – R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı), həmçinin onlayn konfrans və viktorinanın keçirilməsi nəzərdə tutulub.
Festivalın əsas məqsədi qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin mütəfəkkir şairin sənətini gələcək nəsillərə çatdırmaqdır.