Dekabrın 3-də Ankarada Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycan üzrə səfirliyinin və Çankaya Bələdiyyəsinin təşkilatçılığı ilə CAR-ın ilk qaradərili prezidenti və irqçiliklə mübarizənin simvolu Nelson Mandelanın (1918–2013)

arxiv şəkillərindən ibarət sərginin açılışı oldu.

Zülfi Livaneli Mədəniyyət Mərkəzində baş tutan tədbir Nelson Mandelanın vəfatının 8-ci ildönümünə həsr edilmişdi. Mərasimdə Ankarada akkreditə olunan müxtəlif ölkələrin diplomatları, ziyalılar, sənətşünaslar və media nümayəndələri iştirak edirdi. 

Açılış nitqi ilə çıxış edən CAR-ın Türkiyədəki və həm də iqamətgahı Ankarada olmaqla, ölkəsinin Azərbaycan üzrə də səfiri Dıpuo Letsatsı-Duba tədbirin məqsədi haqqında danışdı: “Bu mərasim ölkəmizin 8-ci prezidenti Nelson Mandelanın miras qoyduğu dəyərləri, ənənələri yaşatmaq məqsədi daşıyır. Nelson Mandelanın demokratiya, sülh, tolerantlıq, ədalət və insan hüquqları prinsipləri tək Cənubi Afrika üçün deyil, bütün dünya üçün önəmli dəyərlərdir. Biz də bu dəyərlərin dünyaya yayılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Səfir bildirdi ki, Nelson Mandela haqqında qısa sənədli film nümayişinin də yer aldığı fotosərgi dekabrın 15-dək davam edəcək: “Ümid edirik ki, fotosərgi Türkiyə-Cənubi Afrika əlaqələrinin inkişafına dəstək olacaq. Nelson Mandela sadəcə Cənubi Afrikaya deyil, bütün dünyaya məxsus şəxsiyyətdir”.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra fotosərgiyə baxış keçirildi.

Qeyd edək ki, Dıpuo Letsatsı-Duba CAR-ın Türkiyədə yeni səfiri təyin olunub, dekabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib.

Dıpuo Letsatsı-Duba həm də CAR-ın Azərbaycan üzrə yeni səfiri təyin olunduğu üçün, yaxın zamanda Bakıya gələrək etimadnamə məktubunu təqdim edəcək. 

Mehparə SULTANOVA
Ankara