Dekabrın 8-9-da Misirin yeni inzibati paytaxtında – Vedian şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) Baş Konfransının XIV sessiyası keçiriləcək.

Təşkilatın baş ofisindən bildiriblər ki, bu əsas tədbirdən öncə - dekabrın 6-da İCESCO İcraiyyə Şurasının 42-ci sessiyası baş tutacaq. 51 üzv ölkədən nazirlərin, İCESCO-nun milli komitələrinin rəhbərlərinin iştirak edəcəyi iclasda Baş Konfransın XIV sessiyasının gündəliyi və təşkilati məsələlər müzakirə ediləcək.

Hər iki sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Baş Konfransın sessiyasında İCESCO-nun 2019-2021-ci illərdə fəaliyyəti qiymətləndiriləcək, yeni Fəaliyyət Planı, büdcə təsdiq olunacaq. Tədbir çərçivəsində təhsil sahəsində yeni çağırışlar, kosmik tədqiqatlar mövzusunda xüsusi panellər də təşkil olunacaq.

Sonda İCESCO-nun Baş Konfransının XV sessiyasının tarixi və keçiriləcəyi ölkə müəyyən ediləcək.

Qeyd edək ki, İCESCO-nun regional ofislərindən biri Azərbaycanda – mədəniyyət paytaxtımız Şuşada fəaliyyətə başlayacaq.

Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, regional ofisin açılması ilə bağlı son dövlətdaxili prosedurlar yekunlaşmaq mərhələsindədir. Regional ofisin Azərbaycanda yerləşdirilməsi üçün layihə İCESCO tərəfinə göndərilib: “Razılaşdırılandan sonra onun rəsmi imzalanması olacaq. Çox sevindirici haldır ki, regional ofis Şuşada fəaliyyət göstərəcək. Şuşada hazırda yenidənqurma işləri həyata keçirilir. Buna görə də İCESCO-nun regional ofisi açılana qədər müvəqqəti olaraq Bakıda öz işini görəcək”.