Ekspert komissiyasının yeni tərkibdə toplantısı

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə sərəncamının (19 avqust 2009-cu il) icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən yaradılan Ekspert komissiyası fəaliyyət göstərir.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə komissiyanın heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə peşəkar mütəxəssislərdən ibarət yeni tərkibi təsdiq edilib. Dekabrın 3-də Azərbaycan Milli İncəsənət Muzeyində Ekspert komissiyasının yeni tərkibdə ilk görüşü keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bildirib ki, ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidə onun bədii dəyəri, konsepsiyası, insanlarda yaratdığı təəssürat, gələcək nəsillər üçün əhəmiyyəti, aktuallığı nəzərə alınaraq ucaldılmalıdır.

Nazir qeyd edib ki, son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Odur ki, həm paytaxtda, həm də regionlarda razılaşdırılmamış abidələrin ucaldılmasının qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına məlumatlar təqdim edilib.

Qeyd olunub ki, gələcəkdə ölkə ərazisində ucaldılması planlaşdırılan hər bir monumental abidənin ilkin layihə eskizinə dair müsabiqə elan ediləcək, təqdim edilən layihələrə nazirliyin nəzdində fəaliyyət göstərən Ekspert komissiyası tərəfindən baxış keçiriləcək, bədii və elmi cəhətdən qiymətləndiriləcək və daha sonra müvafiq işlərə başlanılacaq.

Ekspert komissiyasının üzvləri arasında gələcək fəaliyyət, iş prinsipi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.