Şəmkir Regional Mədəniyyət İdarəsi Daşkəsən rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami irsində insan hüquqları, eləcə də qadın hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib. Kitabxananın Uşaq şöbəsinin oxucuları “Xəmsə”dən nümunələr səsləndiriblər.

Biləsuvar RMİ Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və mədəniyyət işçiləri iştirak ediblər.

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov idarənin tabeliyində olan müəssisələrdə çalışan bir qrup mədəniyyət işçisinə Zəfər Günü münasibətilə keçirilmiş tədbirlərdə fəal iştirakına görə mükafatlar təqdim edib. Masallı rayon Mərkəzi Kitabxanasında “Aşıq Ələsgərin söz dünyası” adlı tədbir keçirilib. Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri aşığın “Gərəkdi” qoşmasını səsləndiriblər.

Ağstafa RMİ-nin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib.

Gəncə RMİ təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalan şəhər Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib. Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov və Gəncə RMİ-nin rəisi Vasif Cənnətovun iştirak etdiyi tədbirdə Gəncə şəhər incəsənət və rəssamlıq məktəbləri şagirdlərinin “Xəmsə” və “Zəfər Günü” adlı rəsm sərgisi nümayiş etdirilib. Naftalan şəhər Heydər Əliyev Mərkəzinin akt zalında Gəncə Dövlət Kukla Teatrının “Xeyir və Şər” tamaşası təqdim olunub. Regional idarənin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində Laçın rayonunun işğaldan azad edilməsinin (1 dekabr) ildönümü münasibətilə tədbirlər təşkil olunub.

Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanasında “Erkən nikaha son!” başlığı altında tədbir keçirilib. Çıxışlarda erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi fəsadların qarşısının alınmasında cəmiyyətin üzərinə mühüm vəzifə düşdüyü vurğulanıb.

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə Sabirabad rayonunda vətənpərvərlik mövzusunda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən məktəblilər Suna Məmmədli və Qıztamam Hüseynlini fəxri fərmanla təltif edib.