Regional mədəniyyət idarələrinin əhatə etdiyi mədəniyyət müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir.

Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) Astara rayon Heydər Əliyev Mərkəzində şəhər və Pensər kənd 2 nömrəli tam orta məktəblərin şagirdləri üçün “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli qürur və iftixar mənbəyidir” mövzusunda tarix dərsi keçilib. Mərkəzin direktoru Kübra Səmədovanın apardığı dərsdə qeyd olunub ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Mühazirədən sonra “Ulu öndər Heydər Əliyevin neft strategiyasından başlanan 44 günlük Zəfər yolu” sənədli filmi nümayiş olunub.

Ağstafa RMİ Ağstafa və Qazax Heydər Əliyev mərkəzlərində ulu öndərin anım günü ilə əlaqədar “açıq qapı” günləri elan edilib.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan deyəndə səni düşünürük biz” adlı sərgi təşkil edilib. Sərgidə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatındakı inkişafı əks etdirən nəşrlər nümayiş olunub.