Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları ilə bağlı növbəti xeyriyyə aksiyası keçirilib.

Aksiyanın aparıcısı Könül Muxtarova ənənə halını almış xeyriyyə tədbirinin iştirakçılarını salamladıqdan sonra Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon filialının sədri Məhi Mehdiyev, “Təhsil” İdman Mərkəzinin 2 saylı Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin direktoru Əjdər Cəfərov, Əməkdar idman ustası, Əməkdar məşqçi, kikboksinq üzrə 26 qat dünya çempionu Eduard Məmmədov, həmçinin tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər.

Aksiya zamanı “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov tərəfindən şəhid və qazi övladları təmənnasız sünnət olunub. Şəhid və qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına təşəkkürlərini bildiriblər.