Dekabrın 6-da Türkiyənin İstanbul şəhərində 9-cu “Beynəlxalq İpək Yolu Film Mükafatları”nın təqdimatı olub. Bu il mükafatlar üçün müxtəlif ölkələrdən rekord sayda – 3089 film-müraciət qəbul olunub. Mükafatlandırmanın final mərhələsinə Azərbaycandan 2 ekran əsəri – rejissor Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri keçib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema və Televizya Əsərləri Sahibləri Məslək Birliyi”nin (SETEM) təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimdə qaliblər elan olunub.

Amil Amalın “Titrəmə” filmi beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “Ən yaxşı film” mükafatına layiq görülüb.

Film bir ayağını mina partlayışı zamanı itirmiş əsgər haqqındadır. Ayağını itirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur...

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunan filmin ssenari müəllifləri Amil Amal, Aqşin Evrən, Ayşad Səfərəliyev, təsvir rejissoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir. Əsas rolları Bəhruz Vaqifoğlu və İlqar Cahangirli canlandırıb.

Lətif Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Filmdə vaxtilə kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edilir, onun düşüncə və xəyallarından bəhs olunur. Film bundan əvvəl 38-ci Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” bölməsində iştirak edib.