Respublika Uşaq Kitabxanasının keçirdiyi festival çərçivəsində sərgi
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 6–10 dekabr tarixində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival keçirir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən festivalın proqramına rəsm günü, şeir günü, musiqi günü və başqa tədbirlər daxildir.
Festivalın ilk tədbiri Xətai Sənət Mərkəzində təşkil olunan “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü olub. Mərkəzin ekspozisiya zalında sərgi açılıb.
Kitabxanadan verilən məlumata görə, sərgidə 1, 3, 5 saylı Uşaq-gənclər yaradıcılıq mərkəzlərinin, “Tamara ART”, “Günəş ART”, “Palitra ART” studiyaların dərnək üzvlərinin, paytaxtdakı 14, 91, 211, 179, 227, 238, 167, 229, 272, 201 nömrəli orta məktəblərin, Bakı Avropa, İdrak, Zəngi, Türk-Ankara, 16 nömrəli texniki humanitar liseylərin, XXI əsr məktəbin, İncəsənət Gimnaziyası şagirdlərinin, eləcə də Kəlbəcər, Qax, Balakən, Zaqatala, Qusar MKS oxucularının 160-a yaxın illüstrasiya və rəsmi nümayiş olunub.
Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncliyə Yardım Fondunun nümayəndələri, Xalq rəssamı Arif Hüseynov, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, qrafik rəssam İlqar Mehdiyev uşaqların Nizami əsərlərinə çəkdikləri rəsmləri yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar diləyiblər.
Tədbir zamanı R.Hacıyev adına 15 nömrəli onbirillik, Leopold və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Sonda festival iştirakçıları diplom və təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, dekabrın 7-də Gəncliyə Yardım Fondunda festivalın növbəti tədbiri – “Şairlər ustadı böyük Nizami” adlı şeir günü keçirilib.
Festivalın əsas məqsədi qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin mütəfəkkir şairin sənətini gələcək nəsillərə çatdırmaqdır.