Dekabrın 11-də Xətai Sənət Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi, Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “İWS Azerbaijan” və “İWS Khatai Art Center”in təşkilatçılığı ilə gerçəkləşib. Vorkşop “Nizami Gəncəvi və yaradıcılığı ilə bağlı hər bir janr (fiqurativ, mənzərə, natürmort)” mövzusuna həsr edilib.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, dahi Azərbaycan şairinin 880 illik yubileyinə həsr olunan tədbirin məqsədi akvarel sənətinin ölkəmizdə yayılması, rəssamların yaradıcı ünsiyyəti, bilik və təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir.
Sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nəzakət Əhmədova və Beynəlxalq Sulu boya Cəmiyyəti Azərbaycan nümayəndəliyinin həmsədri Səbinə İskəndər çıxış edərək incəsənətdə akvarelin rolundan və əhəmiyyətindən danışıblar.
Tədbirdə ADMİU-nun Rəssamlıq fakültəsi geyim dizaynı ixtisasının 4-cü kurs tələbələri Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə həsr edilmiş geyim nümunələrini nümayiş etdiriblər.
Vorkşopda iştirak edən rəssamlar isə dahi şairin portretini, eləcə də “Yeddi gözəl” əsərinə və Nizami dövrünə aid müxtəlif əşyaları təsvir ediblər.