Türkiyəli tarixçi, siyasətçi, diplomat, İslam Tarixi, Sənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) sabiq rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Əkmələddin İhsanoğlu Azərbaycan haqqında xatirələrini dilə gətirdi.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycanın da daxil olduğu sovetlər ölkəsinə ilk dəfə 1979-cu ildə gəlib: “Moskvada, Daşkənddə, Səmərqəndə, Kazanda oldum. Xatırlayıram ki, həmin vaxtlarda Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini olan Allahşükür Paşazadə gənc bir oğlan idi, onunla tanış oldum”.

Azərbaycana ilk dəfə 1984-cü ildə UNESCO-nun iştirakı ilə Bakıda keçirilən xalça simpoziumuna İRCİCA rəhbəri olaraq dəvət olunduğunu deyən Əkmələddin İhsanoğlu bildirdi ki, daha sonra, 1990-cı ildə 20 Yanvar hadisələri zamanı Azərbaycanda baş verənlərlə bağlı Allahşükür Paşazadənin mesajlarını onun müraciəti əsasında ilk dünyaya çatdıranlardan biri olduq: “Sonralar İRCİCA direktoru olaraq mərhum dövlət başçısı Əbülfəz Elçibəylə görüşdüm. Daha sonra İstanbulda Prezident Heydər Əliyevlə görüşümüz oldu. Onun himayəsində Bakıda “Qafqazda islam mədəniyyəti” adlı bir konqres keçirdik. O vaxtdan da Heydər Əliyevlə dostluğumuz başladı. Onun vəfatından sonra isə Prezident İlham Əliyevlə əlaqələrimiz davam etdi...”.

2004-2013-cü illərdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) rəhbərlik etmiş E.İhsanoğlu bildirdi ki, təşkilatın keçirdiyi tədbirlərdə Azərbaycanın ən mühüm problemi olan Qarabağ məsələsi hər il gündəmə gətirilib: “Bu baxımdan uzun illər Qarabağ mövzusunda bizim əməkdaşlığımız oldu”.

Azərbaycanın öz torpaqlarını geri almaq üçün əzmlə mübarizə aparmasını təqdir edən diplomat bu mübarizədə “Lider-xalq-ordu” birliyinin sarsılmazlığı nəticəsində qələbəyə nail olunduğunu dedi.

Keçən ay Şuşaya getdiyini və dünyanın irsinin bir parçası olan Azərbaycan mədəniyyət abidələrinə qarşı işğal zamanı törədilmiş vandalizmin izlərini gördüyünü deyən Ə.İhsanoğlu oradan dünyaya səsləndiyini də vurğuladı: “Şuşada olarkən Azərbaycanın Zəfərinə hər türk insanı kimi mən də sevindim. Hərbi marşları dinlədikcə həyat yoldaşımla çox həyəcan keçirdik və kövrəldik. Azərbaycanın əldə etdiyi bu Qələbənin və sülhün daimi olacağına inanıram...”.

Həmsöhbətim Qarabağda işğal zamanı dağıdılmış Azərbaycanın tarixi-mədəni abidələrinin bərpasında həm İslam Əməkdaşlıq Təşkilatı, həm də İslam İnkişaf Bankının konstruktiv rol oynaya biləcəyini diqqətə çatdırdı: “İƏT Baş katibi olduğum zaman bu məsələni daima gündəmə gətirirdim, eləcə də Şuşada olarkən bəyan etdim ki, həm İƏT olaraq, həm də da Türk dünyası olaraq bu məsələni mədəni səfərbərlik halına gətirmək lazımdır”.

Mehparə Sultanova
Ankara