Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustadlar ustadı Aşıq Ələsgərin 200 illik yubileyi saz-söz bayramı kimi yaddaşlara yazıldı. Yubiley ilinin son tədbiri dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzində (BMM) gerçəkləşdi.

Tədbir “Dədə Ələsgər Ocağı” İctimai Birliyi, AMEA-nın Folklor İnstitutu və BMM-in əməkdaşlığı ilə təşkil edilmişdi.

İştirakçılar əvvəlcə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1972-ci ildə (ustad aşığın 150 illiyi münasibətilə) istehsal etdiyi, Dövlət Film Fondu tərəfindən bərpa olunan “Aşıq Ələsgər” sənədli filmini (ssenari müəllifi – İlyas Tapdıq, rejissor – Xamis Muradov) izlədilər.

Tədbirdə çıxış edən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər diqqətə çatdırdı ki, ictimai birlik ustad aşığın 200 illik yubileyi ilə əlaqədar bir sıra layihələr həyata keçirib. İl ərzində kitablar nəşr edilib, Aşıq Ələsgərin şeirləri gürcü və alman dillərində işıq üzü görüb. Noyabr ayında Türkiyədə TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət komitəsinin birgə təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyədəki səfirliyimiz və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə yubiley tədbiri keçirilib, Aşıq Ələsgərin nəfis tərtibatda kitabı təqdim olunub.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Aşıq Ələsgərin irsindən söz açdı: “Əminliklə deyə bilərəm ki, Aşıq Ələsgər aşıq sənətimizin Nizamisi və Füzulisidir. Aşıq Ələsgər heç bir təriqətin nümayəndəsi olmadığı halda sufi şairlərdən, xüsusən Nəsimidən bəhrələnib. Təəssüf ki, biz bu gün Aşıq Ələsgərin öz səsinin şahidi deyilik. Buna baxmayaraq onun sözü qalıb. Aşıq Ələsgər təkcə Azərbaycanın deyil, bütövlükdə türk xalq mədəniyyətinin simvolu və ən uca zirvələrindən biridir”.

Muxtar İmanov Aşıq Ələsgərin bütövlükdə ozan sənətinin qədim dövrlərdən gələn ana xətlərinə bağlı bir sənətkar olduğunu qeyd etdi. Vurğuladı ki, sənətkarı bu kontekstdən kənarda təhlil etmək yanlış nəticələrə gətirib çıxara bilər: “Aşıq Ələsgərin ən üstün və bizə doğma gələn cəhəti onun dil, üslub, məfkurə, təlim, dini dünyagörüşü baxımından ənənəyə hədsiz dərəcədə bağlılığı və bu bağlılığın içərisində özünün sənətkar fərdiyyətinin olmasıdır”.

Daha sonra aşıqların iştirakı ilə konsert proqramı təqdim edildi.

Folklor İnstitutunun “Dədə Qorqud” folklor ansamblının bədii rəhbəri, Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova, Ədalət Nəsibov adına musiqi təhsili mərkəzinin “Xarıbülbül” saz ansamblı, “Abşeron” saz ansamblı, aşıqlar Ədalət Dəlidağlı, Təbriz Vəliyev, Kərəm Təbrizoğlu, Solmaz Kosayeva və başqalarının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Sənət axşamında Aşıq Ələsgərin şeirlərindən nümunələr də səsləndirildi.

L.Azəri