Hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyətə malik olan memarlıq abidələri, incəsənət əsərləri, əlyazmalar, bədii-tarixi, yaxud arxeoloji önəm kəsb edən digər əşyalar, kolleksiyalar mövcuddur. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmış Azərbaycan xalça sənəti dünyada tanınır. Müxtəlif ölkələrin məşhur muzeylərində sərgilənən xalçalarımız Azərbaycanın qədimdən sənətkarlar diyarı və mədəniyyət beşiyi olduğunu sübut edir.
Xalça ustalarımızın ərsəyə gətirdiyi məşhur nümunələrdən biri də həndəsi və nəbati ornamentli, portretlərlə zəngin, həmçinin süjetli, tariximizi və müasirliyimizi özündə əks etdirən “Azərbaycan ulduzları” xalısıdır.
Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə şöhrət gətirmiş korifeylərin simalarını əks etdirən, ipəklə toxunmuş 150 kvadratmetrlik xalı-pərdə 1998-2012-ci illərdə Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) səhnəsini bəzəyib. Hər dəfə tamaşa başlamazdan əvvəl dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın sədaları altında xalı-pərdə ahəstə qaldırılırdı. “Azərbaycan ulduzları” adı verilmiş xalı xalqımızın dahi şəxsiyyətlərini bir məkanda birləşdirmişdi. Xalı-pərdənin eskizinin, dəqiqliklə işlənilmiş 16 portretin və Bakının tarixi məkanlarının rəsminin müəllifi Yaqub Mehdiyev (1948-2013), xüsusi incəliklə işlənilmiş ornamental hissənin müəllifi Tariyel Bəşirov olan sənət əsəri ipəklə toxunmuş mədəniyyət aynasıdır. 1992–1996-cı illərdə ən bacarıqlı toxucularımız tərəfindən 40 milyon ilmə vurulmuş bu xalı-pərdə zərgər dəqiqliyi ilə ərsəyə gəlmişdir.
Pərdə kompozisiyasını bəzəyən medalyonlarda Azərbaycanın klassik və müasir ədəbiyyatının, musiqi və teatr sənətinin unudulmaz simaları təsvir edilib. Mədəniyyətimizin sənət inciləri sırasında adı çəkilməyə layiq olan bu xalıda dahi şairlərimiz Nizami Gəncəvi və Məhəmməd Füzuli, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbül, Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkarlar Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, dirijor və bəstəkar Niyazi, Azərbaycanın ilk peşəkar qadın müğənnisi Şövkət Məmmədova, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə, şair-dramaturq Hüseyn Cavid, yazıçı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə, dramaturq, yazıçı, şair Cəfər Cabbarlı, eləcə də Azərbaycan peşəkar teatr sənətinin banilərindən Hüseyn Ərəblinski, görkəmli aktrisa Mərziyyə Davudova və məşhur aktyor Mirzəağa Əliyevin portretləri əks olunub.
Teatrda tamaşa qabağı açılan xalı-pərdə bu dahi insanları bir məkanda göz önünə gətirirdi. Xalı-pərdəyə baxan insan bir neçə dəqiqə ərzində Azərbaycan mədəni irsinin tarixi inkişaf yolunu addım-addım keçmiş olurdu. Nizaminin, Füzulinin lirikası, Hüseyn Ərəblinskinin, Mirzəağa Əliyevin, Mərziyyə Davudovanın ifa etdiyi rollar, Şövkət Məmmədova və Bülbülün unudulmaz səsləri, Niyazinin, Fikrət Əmirovun, Qara Qarayevin, Müslüm Maqomayevin və Üzeyir Hacıbəylinin bəstələdiyi musiqilər, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundzadənin ölməz əsərləri qeyri-ixtiyari olaraq göz qarşısında canlanırdı. Mədəniyyət tariximizi zənginləşdirmiş və bizlərə örnək olan töhfələrini qoymuş bu dühalar teatra gələn tamaşaçılarla daim ünsiyyətdə idilər.
Xalı-pərdənin süjet hissəsini əsrarəngiz haşiyələr və ornamentlər içərisində yerləşdirilmiş Azərbaycan Dövlət Akademik Filarmoniyası, Qız qalasının fonunda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Akademik Milli Dram Teatrı və Akademik Musiqili Teatrı binalarının əksi bəzəyir.
Bu xalıda dörd ünsür olan suyun, odun, torpağın və küləyin rəmzi işarələri də yer alıb. Nizaminin sözləri ilə desək –
Əgər od, su, torpaq, bu əsən külək
Bir yerə toplaşsa uyğun gələrək,
O böyük Tanrıdan olmasa fərman,
Məlumdur ki, gəlməz vücuda bir can.
Həndəsi və nəbati ornamentlərlə zəngin pərdə-xalıda rənglərin isti-soyuqluğu, kontrastlığı, olduqca saf və şux rəng ahəngdarlığı, kolorit etibarilə mükəmməl bir sənət əsəri olduğunu sübut edir. Dünya teatrları sırasında belə xalı-pərdəsi ilə fəxr edə biləcək teatr yalnız Azərbaycanda olub.
2012-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar teatrın səhnəsini bəzəyən “Azərbaycan ulduzları” adlı pərdə-xalça Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə (indiki Milli Xalça Muzeyi) verilib və 10 ilə yaxındır muzeyin fondunda, nəzərdən kənarda saxlanılır. Halbuki Vətənimizə şöhrət gətirəcək bu möhtəşəm sənət əsəri Azərbaycan Milli Xalça Muzeyində sərgilənməyə layiqdir...
Könül Əzimova
Azərbaycan Rəssamlar İttifaqının üzvü