Satış-sərgi üçün 80 əsər seçilib

 

Yanvarın 23-də Bakı Xətai Sənət Mərkəzində təşkil ediləcək “Akvarel təəssüratları” adlı satış-sərgiyə əsərlərin qəbulu başa çatıb.

Beynəlxalq Akvarel Cəmiyyətinin (İnternational Watercolor Society – İWS) 10 illik yubileyinə həsr olunan sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki “Xətai” akvarel qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgidə iştirak etmək üçün 150-dən çox rəssamın 400-ə yaxın əsəri təqdim edilib. İlkin seçimlərdə 60 rəssam 80 əl işi ilə sərgidə iştirak etmək hüququ qazanıb.

Seçilmiş əsərlər 18 yanvar tarixinədək çərçivələnmiş vəziyyətdə satış-sərgiyə təhvil verilməlidir. Satış-sərginin iştirakçısı olacaq rəssamlara sertifikatlar təqdim ediləcək.