Rəngkarlıq Muzeyində sərgi aprelədək açıq olacaq

 

Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Mirnadir Zeynalovun (1942-2021) “Mistik ruhun ömrü” adlı retrospektiv sərgisi davam edir.

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə açılan sərgidə mərhum rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, eləcə də şəxsi kolleksiyalardan ümumilikdə 60-dan artıq əsəri nümayiş olunur.

Layihə ötən il martın 10-da əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr edilib. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.

Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək bir neçə tematik zala bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.

Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəm və ailəvi xarakter daşıyır: burada Mirnadir Zeynalova yaxın olan insanların müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.

Mənzərələr zalını Mirnadir Zeynalovun kiçik vətəni, onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran Abşeronun himni adlandırmaq olar. “Ömür yolu” adlanan zal isə çeşidli rənglərə boyanaraq mistik ruhu əks etdirir.

Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mirnadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində, demək olar ki, nümayiş etdirilməyib. Lakin bu əsərlərdə bir-iki cizgi ilə xüsusi əhval-ruhiyyə yarada bilib.

Sərgi zallarında, həmçinin Mirnadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.

Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. “Sənətkarın həyatında bir gün” formatında qurulan, film-monoloq janrında çəkilmiş sənədli ekran əsəri Şirin Məlikovanın təşəbbüsü və “Bakı Abadlıq Xidməti” ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.

Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.

Mərhum rəssamın “Mistik ruhun ömrü” retrospektiv sərgisi aprelin 3-dək ziyarətçilər üçün açıqdır.